Azərbaycan Deflimpiya Komitəsi tərəfindən görülən işlər və 15–26 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”na hazırlıqla bağlı mətbuat konfransı təşkil edilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, komitə rəsmiləri, məşqçilər və jurnalistlər iştirak ediblər.
 
Komitənin baş katibi Namiq Novruzov tədbir iştirakçılarına görülən işlərlə bağlı hesabat xarakterli ətraflı məlumat verib və ölkəmizin ilk dəfə belə nüfuzlu turnirdə mübarizə aparacağını xüsusi qeyd edib. Həmçinin 2026-cı ildə karate üzrə Avropa çempionatının ölkəmizdə keçiriləcəyi diqqətə çatdırılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
 
Konfransın sonunda Deflimpiya Komitəsinin təsis edildiyi gündən bu günə qədər görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Qeyd edək ki, 15–26 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”nda ölkəmiz 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaq. İlk dəfə olaraq Deflimpiya Oyunlarında 3-ü taekvondo, 1-i karate və 1-i üzgüçülük üzrə olmaqla ümumilikdə 5 qadın idmançı çıxış edəcək.