15–24 may tarixlərində Goranboy rayonunda deflimpiyaçı cüdoçuların növbəti təlim-məşq toplanışı keçirilib.
 
Baş məşqçi Mail Hümbətovun rəhbərliyi altında təşkil olunan toplanışın əsas məqsədi idmançıların qarşıdan gələn yarışlara, eləcə də cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək Avropa çempionatına yüksək səviyyədə hazırlaşmasını təmin etməkdir.
 
Təlim-məşq toplanışında ölkənin müxtəlif şəhərlərindən ümumilikdə 13 idmançı iştirak edib. 10 gün davam edən hazırlıqlar çərçivəsində cüdoçuların fiziki, texniki və taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə intensiv məşqlər keçirilib. Eyni zamanda, toplanış müddətində idmançıların vitamin təminatı da tam şəkildə qarşılanıb.
 
Hazırlıq prosesinin tərkib hissəsi olaraq, komanda üçün Olimpiya dərəcəli hakim Fariz Hüseynov tərəfindən seminar təşkil olunub. Seminarda idmançılara yarış zonasına daxilolma qaydaları, hakim jestlərinin mənası görüşlər zamanı ən çox yol verilən səhvlər və cüdo idman növü üzrə qüvvədə olan ən son qaydalar ətraflı şəkildə izah edilib.