Beynəlxalq Karlar İdman Komitəsi (International Committee of Sports for the Deaf – ICSD) 1924-cü il 24 avqust tarixində yaradılmışdır. 1955-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin 50-ci sessiyasında bu təşkilat karlar üçün idman sahəsini tənzimləyən vahid və müstəqil beynəlxalq qurum kimi tanınmışdır.
“Beynəlxalq Səssiz Oyunlar” kimi tanınan ilk Deflimpiya Oyunları 1924-cü ildə Fransanın Paris şəhərində keçirilmişdir. 1924-cü ildən 2024-cü ilədək ICSD tərəfindən 24 Yay və 18 Qış Deflimpiya Oyunları təşkil edilmişdir.
Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.
Yay Deflimpiya Oyunlarının proqramına Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan aşağıdakı idman növləri daxildir: atletika, atıcılıq, badminton, basketbol, boulinq, cüdo, dağ velosipedi, çimərlik voleybolu, futbol, futzal, həndbol, karate, qolf, stolüstü tennis, səmti müəyyən etmə (oriyentirinq), güləş (yunan-Roma və sərbəst üslublar), taekvondo, tennis, üzgüçülük, velosiped idmanı və voleybol.
Qış Deflimpiya Oyunlarının idman növlərinə isə buz xokkeyi, dağ xizək sürmə, xizək sürmə, kyorlinq, snoubord və şahmat daxildir.