
Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"XXV Yay Deflimpiya Oyunları"nda ölkəmizin idman tarixində ilk dəfə olaraq medal qazanması münasibətilə keçirilən görüşdə Anar Bayramov bildirib ki, cüdoçumuz beynəlxalq yarışlarda kifayət qədər təcrübələri olan idmançıları məğlub edərək gümüş medal qazanıb. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

"ICSD" prezidenti Adam Kosa isə tarixi hadisə münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib və növbəti yarışlarda idmançılarımıza uğurlar arzulayıb. Görüşdə həmçinin ölkəmizdə deflimpiya hərəkatının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi də aparılıb.
