Azərbaycan Respublikası Deflimpiya Komitəsi (ARDK) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 3 nömrəli Xüsusi İnternat Məktəbində şagirdlərlə görüş keçirilib.
 
Görüşün əsas məqsədi eşitmə məhdudiyyətli şagirdlərin idmana cəlb olunması və bu kateqoriyadan olan vətəndaşların idmanda kütləviliyinin təmin edilməsi olub.
 
Məktəbin direktoru Tariyel Əkbərov və ADK-nın şöbə müdiri Asxab Kalayev çıxış edərək iştirakçılara görüşün məqsədi və idmanın hər bir şəxsin həyatında əhəmiyyəti barədə məlumat veriblər.
 
Daha sonra taekvondo federasiyası nümayəndələrinin iştirakı ilə taekvondo üzrə deflimpiya yığma komandasının baş məşqçisi Elmir Fərəcov, böyük məşqçi Rauf Rəhimov və deflimpiyaçı idmançılar şagirdlərə bu idman növü haqqında ətraflı məlumat verib, taekvondo ilə bağlı çarx nümayiş etdirib və müxtəlif yarışlardan qazandıqları təcrübələri bölüşüblər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara motivasiyaedici tövsiyələr verilib.
 
Görüşün yekununda taekvondo ilə məşğul olmaq istəyən şagirdlərin siyahısı tərtib edilib və onların dəstəklənməsi üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.