Türkiyənin İstanbul şəhərində Dünya Şotokan Federasiyasının (WSF) versiyasına uyğun keçirilən karate üzrə Dünya çempionatında tarixi nəticə göstərərək ümumilikdə 3 qızıl🥇, 2 gümüş🥈və 2 bürünc🥉medal qazanan deflimpiyaçı idmançılarımız vətənə dönüb.
 
Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi və nümayəndələrinin müşayiəti, baş məşqçi Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə dünya çempionatında iştirak edən karateçilərimiz ölkəmizi layiqincə təmsil edərək böyük uğura imza atıblar.
Dünya çempionatında ölkəmizin bayrağını yüksəklərə qaldıran qaliblər Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıblar. İdman ictimaiyyəti, idmançıların ailə üzvləri və azarkeşlər qalibləri gül-çiçək dəstələri, alqışlarla qarşılayaraq bu böyük tarixi sevinci onlarla bölüşüblər.
 
Qeyd edək ki, İstanbulda təşkil edilən Dünya çempionatında Hikmət Ağayev, Sahib Sahibli, Yusif Əzimzadə inamlı qələbə qazanaraq qızıl medallara yiyələniblər. Aytən Qədirova və Nizaməddin Əzimzadə gümüş medallarla başa vurublar. Komandamızın heyətində Əliəkbər Əlizadə və Elnur Qasımzadə bürünc medal qazanıblar.